Xalqımız hər il olduğu kimi, bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Qeyd
edək ki, Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin
simvoluna çevrilib.
Artıq üçüncü ildir ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki
düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham
Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını
aldıq, onların qanları yerdə qalmadı”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən
müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə,
möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi,
vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur
düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Hazırda Azərbaycanın üçrəngli
Dövlət bayrağı işğaldan azad edilən torpaqlarımızda – Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda,
Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanır.
Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Bir daha 31 il əvvələ qayıdır, o
amansız soyqırımını, onun günahsız qurbanlarının xatirəsini yenidən yad edirik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində
yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi.
Ümumiyyətlə, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük
Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın,
deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların
havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
Dünyanın gözü qarşısında baş vermiş, qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə
siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın ozamankı rəhbərliyinin üzərinə düşür.
Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kuliminasiya nöqtəsi idi. Erməni faşistlər
aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan
etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü,
150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri
ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132
uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar
diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.
Xocalı soyqırımına qədər də ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar
törətmişdilər. 1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və
qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürülmüş, onlarla insan yaralanmış və əsir
götürülmüşdü.
1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələrinin və Xankəndidəki 366-cı motoatıcı alayın
Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri
şəhid olub, 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib.
Öldürülənlərdən 10-u qadın, 8-i uşaqdır. Ümumilikdə Qaradağlı 1988-1992-ci illərdə 305 dəfə düşmən
hücumuna məruz qalmışdı. Bu, Xocalıya aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığın
miqyasına görə ikinci Xocalı da deyirlər.
Əhalisi 7 min nəfər olan Xocalı isə Qarabağda ən böyük yaşayış məntəqələrindən biri idi. Xankəndidən
10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının
üstündə yerləşən Xocalıya 1990-cı ildə şəhər statusu verilmişdi.
Münaqişənin əvvəlindən - 1991-cı ilin oktyabrından Xocalı mühasirəyə alınmışdı. Şəhərə aparan
bütün avtomobil yolları bağlanmışdı, yeganə nəqliyyat vasitəsi yalnız vertolyot idi. Xocalıya sonuncu
vertolyot isə 1992-ci il yanvarın 28-də enmişdi. Şuşa səmasında mülki vertolyotun vurulması, 40 nəfər
azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın 2-dən Xocalıya elektrik
enerjisinin verilməsi dayandırılmışdı. Şəhər sakinləri ancaq öz fədakarlıqları və qəhrəmanlıqları
sayəsində dayanır, müqavimət göstərir və yaşayırdılar. Şəhər çox az sayda avtomat və ov tüfəngləri
ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun kiçik heyətli
döyüşçüləri tərəfindən müdafiə olunurdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələri tərəfindən mühasirəyə alındı və
hər gün topların, ağır texnikanın atəşinə, erməni dəstələrinin həmlələrinə məruz qaldı. Şəhərə
amansız hücuma hazırlıq fevralın 25-də axşam sovet ordusunun 366-cı alayının hərbi texnikasının
döyüş mövqelərinə çıxması ilə başladı. Xocalıya hücum tanklardan və zenit toplardan açılan 2 saatlıq
atəşdən sonra həyata keçirildi. Şəhərə 5 istiqamətdən hücum edildiyinə görə, əhali Əsgəran
istiqamətində qaçmaq məcburiyyətində qalmışdı. Amma tezliklə aydın oldu ki, bu da, məkrli hiylə
imiş. Erməni silahlı dəstələri Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısını kəsdi və onları
gülləbarana tutdu. Qarlı aşırımlarda və meşələrdə taqətdən düşən insanların çoxu məhz ƏsgəranNaxçıvanik düzündə xüsusi qəddarlıqla qətlə yetirildi.
Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını
beynəlxalq hüququn normaları da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT
Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 nömrəli Qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı
cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" ilə müəyyən edilib. Xocalı
soyqırımı mahiyyət etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan
cinayətlərin əsas tərkibi İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların
nizamnaməsində ifadə olunub, sonradan həmin cinayət tərkibi Yuqoslaviya və Ruanda beynəlxalq
cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda
təkmilləşdirilməklə bir daha təsdiqini tapıb.
Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev verib. Ulu Öndərin
təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul
edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb.
Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub.
Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut
dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb. “Azərbaycanlıların soyqırımı haqqında”
1998-ci il 26 mart tarixli Fərmanda deyilir ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin
əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə
minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələndi.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin
mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna
xidmətləri var. Fondun "Xocalıya ədalət!" kampaniyasınin sistemli fəaliyyətinin nəticəsidir ki,
dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən
törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər. "Xocalıya ədalət!"
kampaniyasınin məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq,
qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının
xatirəsinin anılmasına nail olmaqdır.
Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü. Xalqı qorxutmaq,
vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək.
Amma hiyləgər və amansız düşmənin niyyətləri baş tutmadı. Azərbaycanda torpaqlarımızın müdafiəsi
uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və 30 illik işğala qəhrəmanlıqla son
qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Ermənilərin fikri özlərinə
getməsin. Onlar, bəlkə də, öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi
vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan,
işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma
torpaqlarına qayıtsınlar”. Milli ideyaya, güclü siyasi iradəyə əsaslanan bu fikir 2020-ci ilin
sentyabrında real həyatda da öz təsdiqini tapdı. Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa
qalxan igid oğullarımız bədnam düşmənin işğalçılıq siyasətinə, gündən-günə daha da böyüyən
iddialarına, yeni işğalçılıq planlarına birdəfəlik son qoydular və xalqımızın tarixinə parlaq Qələbə
yazdılar. Haqq-ədalət bərpa olundu.
Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini
qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı
qurbanlarının da qisası alınıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin! İlahə Kərimova,Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi